
Son illərdə ölkəmizdə gender sözü yaman dəbə minib. Bir çoxları isə bu sözü hələ də cender kimi tələffüz edir. Əslində gender sözü cinslərin bərabər hüquqlarını, bərabər imkanlarını nəzərdə tutan anlayışdır. Amma məncə nə bu gender sözünün, nə də bərabər hüquqların Azərbaycan qadınına heç bir dəxli yoxdur. Bir Qərb qadını Azərbaycan qadınının Konstitusiyada təsbit olunmuş hüquqlarına ancaq həsəd apara bilər, amma bir Azərbaycan qadını hər zaman Qərb qadınının azadlığına həsəd aparıb. Azərbaycanda bir qadının azadlığı bir kişinin azadlığı bitən yerdən başlayır. Amma kişinin azadlığı bitmir ki?! Biz patriarxal cəmiyyətdə yaşayırıq. Düzdür qadınlar bu gün də kişilərdən çox işləyir bəzən, üstəgəl ev işləri də qadınların öhdəsindədir. Qadın bu gün həm ana, həm də işçidir. O həm ailəsinə, həm də dövlətə işləyir. Amma hüquqlara gələndə onun heç nəyi yoxdur. Bir neçə parlament üzvünün, komitə sədrinin və bəzi başqa vəzifəli şəxslərin qadın olması heç də qadınların cəmiyyətimizdə şad xürrəm ömür sürməsi anlamına gəlmir. Əsarətdə olan o taylı azərbaycanlının İranda hansısa vəzifəyə irəli çəkilməsi 30 milyonluq azərbaycanlını köləlikdən xilas etmədiyi kimi, bəzən hansısa qadının ailəsini karyeraya qurban verib kreslo sahibi olması da evdə, iş yerində, bütövlükdə cəmiyyətdə zorakılğa məruz qalan Azərbaycan qadınını kişinin əlavəsi olmaqdan, hüquqsuzluqdan xilas etmir. Qadınlar Azərbaycanda hər zaman zorakılığa məruz qalıb və bu davam edir. Bu zorakılıq dövlətə bağlı deyil, dövlət əslində kifayət qədər demokratik qanunlar qəbul etsə də, ictimai şüur hələ ki, feodalizm quruluşu səviyyəsindədir. Televiziyadan, qəzet səhifələrindən xalqa demokratiya dərsi keçən, qadın hüquqlarından danışan kişilər var ki, evdə xanımına əl qaldırmaqdan belə çəkinmir, qızını sevdiyi oğlana deyil, öz mövqeyini möhkəmlətmək naminə hansısa imkanlı və ya vəzifəli şəxsin oğluna zorla ərə verir. Belə hallar bütün ölkə boyu bu gün də var. Bunun qarşısını almaq mümkündür. Əvvəllər qızı zorla qaçırmaq yaman dəbdə idi, amma bu qanunda adam oğurluğu kimi əksini tapandan sonra qızların qulağı dincəlib. İndi qızını məcburi ərə vermək də insan alveri kimi Cinayət Məcəlləsində əks olunmalıdır ki, qızına sərvətə, vəzifəyə gedən yolda tramplin kimi baxan ataların tamahı, sevdiyi oğlanla ailə qurmaq istəyən qızların isə ürəyi dincəlsin. Hələ də elə atalar var ki, “qızını döyməyən dizini döyər”, “qızı özbaşına qoysan ya halvaçıya gedər, ya da zurnaçıya” kimi gerizəkalı ataların sözlərini ən çox sevdiyi zərb məsəl kimi işlədir, qızını da elə döyür ki, heç naxırdan ayrı düşən dananı elə döymürlər. Guya zopa tərbiyə vasitəsidir. Deyən də yoxdur ki, “ay bədbəxt niyə addımbaşı haqqını tapdalayanlara “qurban olum” deyib üstündə də pul verirsən, amma öz doğma balanı uf demədən ölümünə çırpırsan?” Kim desin, əksəriyyət feodal təfəkkür sahibidir bu ölkədə. Özləri gecə-gündüz eşşək kimi onun-bunun qapısında işləyib qəpik-quruş alan kişilər onu da aparıb pozğun qadınlara xərcləyir, öz ailəsinə, halal övrətinin yanına gələndə isə “ona niyə baxdın”, “bunun üzünə niyə güldün” deyib dava salmağa bəhanə axtarırlar, arvad cavab qaytarsa da söyülüb döyüləcək, qaytarmasa da. Çünki bu onun qismətidir, alın yazısıdır. Dünyaya qadın gəlibsə əzilməyə məhkumdur Azərbaycanda. Azərbaycan kişisi xanımına göstərdiyi diqqət və qayğı ilə deyil, onun atasını söyməsi ilə, gözünün altını qaraltması ilə öyünüb həmişə. Kişilər bu gün nə ictimai nəqliyyatda, nə də bankomatların qarşısında qadınlara hörmət etmirlər, qaçhaqaç düşəndə də qadınlardan qabağa düşməyə çalışırlar. Qadın namussuzluq edəndə əri onu o dünyaya , kişi isə alkaşlıq, əyyaşlıq, qeyrətsizlik, binamusluq edib ailəsinin boğazından kəsdiyi pulları əxlaqsız qadınlara xərcləyib sonda başıaşagı, canı xəstə, amma diliuzun evə qayıdanda çox nadir hallarda qadın onu məhkəməyə göndərir. Kişi “cəsarəti”, qadın humanizmi. Paradoksa baxın. Qız oğlana bu ölkədə sevgi etirafı etsə yüngüllük, oğlan bir gündə beş qıza sevirəm desə igidlik, cavanlıq sayılır. Mentalitet adlı zəhirmar Azərbaycan qızlarını orta əsrlərə sürükləyir bu gün. Amma heç kim etiraz edə bilmir bu zəhirmara. Sanki elə-belə də olmalı imiş. Müasir dəblə geyinən qızların da tam əksəriyyəti mentalitetin əsiridir. Geyimlərinə baxmayın, bir çoxu səmimi olanda “qadının borcu ərinə yaxşı arvad olmaqdır”, “kişi ki, öz qadınını döymədi daha nə kişidir” deyir. Ona görə də dünyaya gətirdikləri uşaqlar da bu psixologiyanın əsiri olurlar. Və kölə nəsillər böyüyür. Həvvanın Adəmin qabırğasından yaranması, ilk dəfə Həvvanın qadağan olunmuş meyvəni yeməsi heç Ərəbistan çöllərində də Azərbaycandakı kimi qadınların başı üstündə Demokl qılıncı kimi sallanmır. Boynu qalstuklu birinin də “qadın şeytan əməlidir” dediyini görəndə isə onun boynundakının xalta olub olmadığını ayırd etməkdə çətinlik çəkirəm. Halbuki qadın anadır, bacıdır və ona hörmət olunması lazımdır. Amma təəssüf ki, cəmiyyətimiz kimi qadınlarımız da reaksiya hissini itirməkdədir. Bu günlərdə Seymur Baycanın sonyalar kimi onun-bunun qucağına atılmaqdansa evdə qız qarımağı üstün tutan tükəzbanları kəskin tənqid edən yazısına həmin yazının prototipi olan yazarlar tərəfindən belə reaksiya verilməməsi də bunu bir daha təsdiq elədi. Çoxları qadın hüquqlarının qorunması, maarifçilik məqsədilə bu ölkədə qrant alıb, ortada isə ciddi bir dəyişiklik hiss olunmur, amma müğənni Röya qrant almasa da qadınların gözünün açılması üçün onlardan daha çox iş görüb.
Azərbaycan qadını bu gün özü üçün üçün deyil, əri, övladı üçün yaşayır və işləyir. Həm də kişidən çox işləyir. Qadının öhdəsinə düşən işlər çox, hüquqları isə az, bəzən də heç yoxdur. Patriarxal cəmiyyətdə qadının yeri mətbəxdir. Bu kişilərə sərf edən variantdır, amma qadınlara yox. Ona görə də qadınları mətbəxdən çıxarmaq lazımdır. Görəsən qadınları mətbəxdən çıxarmağın zamanı gəlmədimi hələ?
Xanlar Xoca

0 коммент.:
Отправить комментарий