
"Bu gün 9 milyonluq Azərbaycanın 8 milyonu müğənnidir"
- Emma xanım, səhv etmirəmsə, Sizin musiqi təhsiliniz var...
- Mənim əsl sənətim müğənnilik deyil. Mən pianoçu-bəstəkaram. Bülbül adına musiqi məktəbində, sonra isə Asəf Zeynallı adına Musiqi Texnikumunda piano ixtisası üzrə təhsil almışam. Artıq 4 yaşımda məni Dövlət Konservatoriyasının hazırlıq sinfinə verdilər. Bir il sonra isə mən kamera orkestrində fortepianoda ifa edirdim. Əsasən özüm üçün ifa edirdim. Evimizdə bilirdik ki, Sevdanın (müğənninin bacısı, əməkdar artist Sevda Ələkbərzadə nəzərdə tutulur-X.X.) gözəl səsi var. Amma biz ona “doktor Sevda” deyirdik. Həmişə iynə ilə, qaşıqla gəzirdi, boğazımızı yoxlayırdı. Mən isə heç vaxt müğənni olmaq istəməmişəm. Sevda artıq səhnədə olanda mənə deyirdi ki, “bacı çıx səhnəyə, mahnı ifa elə”. Amma mən ona deyirdim ki, “Bir evdə iki müğənni olmaz. Mənim öz sənətim var.” Texnikumu bitirəndən sonra Azərbaycan radiosunda həm musiqi tərtibatçısı, həm də rejissor kimi fəaliyyətə başladım. Orda çox böyük təcrübə topladım. Eyni zamanda bəstəkarlıq təhsili də alırdım. Mənə çox böyük bəstəkarımız Leonid Vanşteyn dərs deyirdi. AzTV-dən ayrılandan sonra isə İsrail səfirliyindən dəvət aldım və səfirliyin nəzdində İsrail Mədəniyyət Mərkəzində işə başladım. Orda “Taşır İtano” (“Bizimlə bir yerdə oxu”) adlı öz xorum vardı. Səfirlikdə işləyərkən Yerusəlim universitetinə qəbul olundum. Tələbə adını qazanan 55 nəfər arasında mən yeganə müsəlman idim. İsrail tarixi, Xolokost və yəhudi xalqının başına gələnlər məni çox maraqlandırırdı. Oranı bitirəndə mənə diplomu məşhur professor İshak Dotan təqdim etdi.
- Bəs necə oldu ki, bu sənətə gəldiniz?
- Hələ A.Zeynallıda oxuyanda ilk mahnımı yazmışdım. Bir tələbə yoldaşım vardı- Xuraman adında. O başqa ixtisasda oxuyan bir oğlanla bir-birini Leyli-Məcnun kimi dəhşətli dərəcədə sevirdilər. Bir gün Xuraman mənə dedi ki, “bəs sən axı bizim sevgimizi görürsən, bizə nəsə yaz da.” Mən isə dedim ki, “gərək nəsə olsun ki, yazım, belə yaza bilmərəm”. Elə oldu ki, onlar qoşulub qaçdılar və iki ildən sonra da ayrıldılar. Mənim “Tənhayam” mahnım da məhz onda yarandı və indiyədək də sevilir. O vaxt bütün müəllimlərim mənə deyirdilər ki, “sən gərək müğənni olasan”. Amma hamıdan qabaq atam səsimə qulaq asıb bəyənmişdi. Bir gün Sevda 106 Fm-də “Zerkalo” qəzetinin reklamının leyblını yazdırmalı idi, mənə dedi ki, “bacı, gedək sən yazdır da”. Mən də razılaşdım. O reklamdan sonra gənc bəstəkar İsa Məlikov hər gün bizə gəlib gedirdi, xahiş edirdi ki, onun mahnılarını ifa edək. İ.Məlikov o vaxt hələ tanınmamışdı. Bir gün İsanı çağırdım və mahnılarımdan birini verdim ki, aranjeman eləsin. Sonra həmin mahnını oxudum və 106 Fm-də səslənməyə başlandı.
- Bəs niyə az oxuyursunuz?
- Müğənnilik mənim hobbimdir. Mən istəyəndə efirə çıxıram, istəməyəndə çıxmıram. Çıxıb camaata yalandan vədlər vermək istəmirəm. Xoşlayıram ki, bir işi görüm sonra onu təqdim edim. Çox gözəl layihələrim olub. 3 albomum çıxıb, 4 klip çəkdirmişəm. İsa Məlikovdan başqa Vüqar Camalzadənin, Xanım İsmayılqızının mahnılarını da oxumuşam. Amma ən çox öz bəstələdiyim mahnıları oxuyuram.
- Başqa müğənnilərə niyə mahnı vermirsiz?
- Mənə elə gəlir ki, mahnılarımı Sevda xanım istisna olmaqla məndən yaxşı hiss edən, ifa edən olmaz. Mahnını yaşamaq lazımdır.
- Hansı mahnınız hisslərinizi tam ifadə edir?
- “Həsrətindəyəm” mahnısı. Kim necə istəyir elə başa düşə bilər.
- Bu günki şou biznes kənardan necə görünür?
- Çox bərbad vəziyyətdə. Amma bu barədə görkəmli sənətkarlarımız öz sözlərini deməlidirlər. Mənim nəyəsə etiraz etməyim nəyi dəyişəcək ki? Bu gün 9 milyonluq Azərbaycanın 8 milyonu müğənnidir.
- Niyə belə axın var bu sənətə?
- Yəqin hansısa maddi maraqlara görə.
- Sizinlə eyni vaxtda sənətə gələnlər artıq fəxri ad alıblar.
- Bu məni maraqlandırmır. Ehtiyacım, marağım yoxdur ada. Əgər məni sevirlərsə, dinləyirlərsə bəsimdir. Xalq əgər səni sevmirsə, milyon dəfə də xalq artisti adı alsan, heç nə dəyişməyəcək, bircə ekranda titrlərdə yazılacaq ki, “Azərbaycan xalq artisti”. Bəziləri kimi səhnəyə çıxıb oxuyanda görsəm ki, heç kim dinləmir, hamının başı yeməyə qarışıb, halbuki mən xalq artistiyəm, belə fəxri ad mənə lazım deyil.
- Müğənnilərin teleaparıcılığına necə baxırsız?
- Bacarırlarsa, niyə də veriliş aparmasınlar? Nisə Qasımovanın, Faiq Ağayevin, Rəhim Rəhimlinin çox gözəl aparıcılıq istedadı və nitq qabiliyyəti var. Gözəl sənətkarımız İlhamə Quliyeva həmişə bizə deyirdi ki, əvvəl televiziyada ciddi senzura var idi, müğənninin oxumağından tutmuş geyiminə, qulağındakı sırğaya da nəzarət edirdilər. Amma indi təəssüf ki, elə nəzarət yoxdur. Ona görə də bəzən televiziyaya çıxan müğənnilər ləhcə ilə danışırlar. Mənim atamın atası Basqaldan, anamın atası Tovuzdandır, rayona gedəndə mən də ləhcə ilə danışa bilirəm, amma televiziyada, səhnədə ləhcə ilə danışmaq yolverilməzdir. Efir mədəniyyət tələb edir. O mədəniyyət indi az qalıb. Bəzi müğənnilərə xüsusi müəllimlər tələb olunur ki, danışıqlarını düzəltsinlər. Mən özüm azərbaycanda az oluram və burda olanda yalnız məni və Sevda xanımı göstərəndə telekanallara baxıram.
- Haqqınızda yayılan şayiələrdən ürəyiniz sıxılmır?
- İlk vaxtlarda xətrimə dəyirdi. Yazırdılar ki, guya plastik əməliyyat etdirmişəm. Amma indi reaksiya vermirəm. Kim nə deyir desin.
- Jurnalistlərlə müğənnilər arasında yaşanan qalmaqallara münasibətiniz necədir?
- Mən jurnalistlərdə günah görmürəm. Qalmaqal intriqadan yaranır. Allah hər ikimizdən uzaq eləsin, müğənni jurnalistə deyir ki, orda filan şeyi yazarsan da mənim üçün. Jurnalist də elə tonda cavab verir ki, dava başlayır. Sonra da jurnalist qəsdən başlayır müğənni haqqında böhtan yazmağa. Amma elə jurnalist də var ki, heç nədən elə bilmədiyini həqiqət kimi qələmə verəməyə çalışır. Biri vardı hər yerdə deyirdi ki, “mən faktla sübut edərəm ki, Emma xanım 8 dəfə əməliyyat keçirib ABŞ-da.” Mən də ona dedim ki, sən o faktları göstər, mən də sənə inanım. Bununla da həmin jurnalist bu barədə daha danışmadı. Maraqlıdır ki, gənc müğənnilərimiz gedib müsabiqələrdə iştirak edib bizi təmsil edirlər, onların haqqında bir-iki dəfə yazılır, amma hansısa məşhur müğənni nə geyinir, hansı maşını sürür, hansı sırğanı taxır hamısını yazırlar. Xalqı müğənninin sənəti maraqlandırmalıdır, geyimi, qulağına nə taxdığı yox. Biz hazırda Avropadan pis nə varsa, onu götürürük, halbuki yaxşı şeyləri götürməliyik.
- Yeri gəlmişkən, arıqlamağınızın sirrini hələ açmaq istəmirsiniz?
- Mən bəzən müəyyən qədər deyirəm bu barədə. Amma hamısını yox. Bunu təmənnasız heç kimə demirəm. Elə adamlar olub ki, adi pəhrizlərə otuzdurmuşam 7-8 kilo arıqlayıblar. Kimsə ciddi şəkildə arıqlamaq istəyirsə, problemi yoxdur, əli cibində olsun. Öz icad elədiyimi nəyə görə havayı kiməsə deməliyəm? Mən iynəsiz, əməliyyatsız arıqlamışam, 1 ay Gürcüstanda acından yatmışam, səhnəyə görə deyil, sağlamlığıma görə arıqlamışam. İradəsi güclü olan adam istədiyinə nail ola bilər.
- Bəs niyə bu barədə kitab yazmırsız?
- Sponsor olsa niyə yazmıram?!
- Şerlərinizdə nədənsə daha çox kədər hiss olunur.
- İnsan daxili aləmində nə hiss edirsə onu da yazır. Mənim cəmi bir şerim nikbin ruhdadır, o da ümummilli liderimiz Heydər Əliyevə həsr etdiyim və musiqi bəstələdiyim şeirdir ki, onu sonra mən, Sevda, Gülyaz və Gülyanaq bacıları bilikdə ifa etdik, dərhal da sevildi.
- Şeirləriniz kimi mahnılarınız da azdır.
- Sevda “Şəbi Hicran"ın üzərində 4 il işlədi. İndi hər gün oturub kompüterdə mahnı "peçatlamaq" nəyə lazımdır axı. Düzdür, bilirəm ki, sevənlər yeni mahnılar gözləyirlər, amma sevirlərsə, gözləyərlər. Ümumiyyətlə, mənim babam və atam haqqında da həmişə deyiblər ki, ləng yazıçılardır. Amma mənim babam Əbülhəsən Azərbaycan sovet romanının banisidir, atam Çingiz Ələkbərzadə Azərbaycanın ilk çoxseriyalı filminin ssenari müəllifidir. Ləng olsalar da ilklərə imza atıblar. Bizim də adımız tarixdə qalıb. Bilirsiniz nəyə görə? Çünki biz Ələkbərzadələrik. Bizə hara gediriksə deyirlər “Əbülhəsənin nəvələri, Çingizin övladları gəlib”. Bu bizim üçün fəxrdir. Mərhum Prezidentimiz Heydər Əliyev də, indiki Prezidentimiz İlham Əliyev də həmişə bizim ailəmizə hörmət və qayğı ilə yanaşıb və bunu hər zaman hiss etmişik.
- Nə vaxtsa siyasətlə məşğul olmağı düşünürsünüzmü?
- İncəsənətlə siyasət ayrı-ayrı şeylərdir. Siyasət əsəbdir. Mən isə sakit həyat sürməyi sevirəm.
- Peşəkar pianoçu bəstəkar kimi opera yazmaq barədə düşünürsünüzmü?
- Azərbaycanda indi operaya gedən var? Heç bir klassik müsiqiçi Azərbaycanda normal yaşaya bilməz. Ona görə də istedadlı klassik musiqiçilər hamısı xarıcdə kontraktla işləyirlər.
- Yeni mahnılarınızı nə vaxt eşidəcək Sizi sevənlər?
- İndi Sevda ilə yeni bir duetimiz olacaq. Muxtar Abseynov mənim yeni bir lirik mahnımı aranjeman edir. Əgər ABŞ-da olmasam, ola bilsin noyabrın 10-da, ad günümdə Caz Mərkəzində konsert verəcəm.
Xanlar Xoca http://news.qaynar.info/30248.html

0 коммент.:
Отправить комментарий